
“ABŞ ilə İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar fonunda neftin dünya bazarın qiymətləri həftənin birinci günündən artdı. "Brent" 26% bahalaşaraq 119 dollar oldu. Bu, 1988-ci ildən sonra ən sürətli yüksəliş oldu. Belə qiymət səviyyəsi heç 2022-ci ildə, Rusiya Ukraynaya qarşı əməliyyatlara başlayanda da qeydə alınmamışdı”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı Pərviz Heydərov deyib.
O bildirib ki, bəzi analitiklər qiymətlərin 150-200 ABŞ dollarınadək yüksələcəyini iddia edir:
“Ümumiyyətlə, ABŞ ilə İsrailin İrana hücum əməliyyatı başlayan gündən neft qiymətlərii 50% artıb. Səbəb bəllidir və hesab edirəm ki, mətbuatda kifayət qədər geniş yazılıb, izah olunub. Hörmüz boğazında yaranan vəziyyət, əsas neft hasilatçısı olan ölkələrdə bu sahədə mövcud infrastruktura dəyən ziyan, daşımaların dalana dirənməsi və s.-i nəzərə alsaq, bəlkə də bahalaşma çox yüksək deyil.
Bəzi analitiklər qiymətlərin 150-200 dollaradək yüksələcəyini iddia edir. Çünki müharibənin nə vaxt bitəcəyi bəlli deyil. Hər keçən gün regionda neft hasilatı infrastrukturu ilə xammalın mənzil başına çatdırılması prosesi daha böyük zərbəyə məruz qalır və dalana dirənir. ABŞ-nin ssenarisində isə bu cür hal çox az ehtimal edilirdi. Nəyə görə? Çünki ABŞ neft bazarında nəzarəti əslində, ələ almışdı”.
Ekspert vurğulayıb ki, 2016-cı ilin ikinci yarısından etibarən aparıcı hasilatçısı ölkələr OPEC+ çətiri altında birləşərək bazara nəzarəti ələ alıb: "Onlar ortaq şəkildə hasilatı azaltmaq, yaxud artırmaq haqda müvafiq qərarlar qəbul etmək yolu ilə qiyməti 60 dollar, hətta bundan bir az da yuxarı civarda olmaqla möhkəmləndirdilər”.
P.Heydərov deyib ki, neftin bahalaşması Azərbaycana müsbət yox, mənfi təsir göstərəcək:
"Cari dövlət büdcəsində orta illik qiymət 65 ABŞ dollar səviyyəsində götürülüb. Lakin ABŞ-İsrailin regionda apardıqları müharibə iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına maneələr törədəcək. Müharibə uzun müddət davam edərsə, bunun acı nəticələrini əyani olaraq hiss etməyə başlayacağıq. Təkcə, bu faktın müqabilində isə qlobal neft qiymətləri tutaq ki, 50% deyil, lap 100% də bahalaşsa və bundan Azərbaycannın dövlət büdcəsinə gündəlik milyonlarla dollar əlavə gəlir gəlsə də, xeyirdən çox zərər görəcəyik.
Neftin qiymətlərinin yüksək olması dünyada enerji daşıyıcılarının bahalaşması deməkdir. Həm də bir sıra zəruri, xüsusən, ərzağın, yeyinti məhsullarının dəyərinin artacağı deməkdir".
Qeyd edək ki, bu gün dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub. Azərbaycan neftinin əvvəlki qiyməti 94,62 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.