
"PARABOKT" Bank Olmayan Kredit Təşkilatı rəsmi internet səhifəsindəki maliyyə hesabatları bölməsini uzun müddətdir yeniləməyərək cari dövriyyə məlumatlarını ictimaiyyətdən gizlətməkdə davam edir.
32gun.az xəbər verir ki, Kredit təşkilatının onlayn platformasında investorlar və müştərilər üçün yalnız 2022, 2023 və 2024-cü illərə aid köhnə sənədlər saxlanılır, yeni dövrlərə dair heç bir rəsmi audit göstəricisi isə yerləşdirilmir.
Şirkət rəhbərliyinin qanunvericiliyin tələblərinə açıq şəkildə məhəl qoymaması və hesabatlılıqdan yayınması, qeyri-bank sektorunda fəaliyyət göstərən bu quruma qarşı onsuz da zəifləyən ictimai etimadı tamamilə sarsıtma ehtimalı yaradır.
Qeyd edək ki, Para" brendinin əsası ilk dəfə 1991-ci ildə Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru və "Azərittifaq"ın sədri professor Eldar Quliyev tərəfindən "Parabank" ASC-nin təsis edilməsi ilə qoyulmuşdur. Lisenziya ləğvindən sonra qurum yenidən təşkil olunaraq 2017-ci ildə rəsmən bank olmayan kredit təşkilatına ("Para" BOKT) çevrilmişdir.
Qeyd edək ki, təşkilatın səhmləri hazırda vahid bir şəxsə məxsus olmayıb, əsasən deputat Eldar Quliyevin ailə üzvləri və Səfərovlar soyadlı digər tərəfdaşlar arasında bölüşdürülmüşdür. Şirkətin nizamnamə kapitalındakı ən böyük paylar birbaşa təsisçi Eldar Quliyev (17%) və Alevtina Quliyevaya (15.5%) məxsusdur. Səhmdarların yerdə qalan hissəsini isə Əşrəf Səfərov, Faiq Səfərov, Tamilla Hacıyeva, həmçinin təsisçinin oğulları Elnur və Vəli Quliyevlər təşkil edir.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin tələblərinə əsasən, deputatların sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olması birbaşa qadağandır. Buna rəğmən, bir millət vəkilinin parlamentdəki mandatından əlavə üç fərqli rəhbər vəzifə tutması və maliyyə-kredit sektorunda aktiv biznes şəbəkəsinə sahib olması qanunun aliliyi prinsipləri ilə aşkar ziddiyyət təşkil edir.
32gun.az həmçinin bildirir ki, Eldar Quliyevin oğlu Vəli Quliyev 2022-ci il martın 2-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.
2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2016-cı ildən isə “Parabokt”un sədri vəzifəsində işləyib.
Ayaz