Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı

Milli Onkologiya Mərkəzi tibbi və digər avadanlıqların alınması üçün “Azəri Med” MMC ilə 50 milyon 320 min manatlıq yeni müqavilə bağlayıb. Portalda satınalma metodu “Açıq Tender” göstərilsə də, prosedurun dövlət satınalmalarının vahid internet portalında keçirilmədiyi və elektron satınalma olmadığı qeyd olunur.
Bu, “Azəri Med”in Mərkəzdən aldığı ilk iri sifariş deyil. Dövlət satınalmaları portalındakı məlumatlara görə, 2019-cu ildən bəri Milli Onkologiya Mərkəzi şirkətlə 36 müqavilə bağlayıb. Onların ümumi dəyəri 289 milyon 506 min 787 manatdır.
Rəsmi reyestrdə “Azəri Med”in qanuni təmsilçisi Famil Rəhimlidir. Ancaq şirkətin adı illərdir deputat Kəmaləddin Qafarovla birlikdə hallanır. Media araşdırmalarında şirkətin faktiki sahibi və ya əsas nəzarətçisi kimi Qafarovun adı çəkilir. “Azəri Med”in əvvəlki hüquqi ünvanlarından biri Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanla üst-üstə düşüb. Həmin ünvanda deputatın həyat yoldaşı Canilya Qafarovanın rəhbəri olduğu başqa əczaçılıq şirkətləri də qeydiyyatdan keçib.
AzadlıqRadiosunun araşdırmasına görə, Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzində rəhbər vəzifəyə gəlməzdən əvvəl təxminən 10 il “Azəri Med”də çalışıb. O, 2014-2015-ci illərdə Mərkəzin baş direktor müavini olub, 2015-ci ildən isə deputatdır.
Qanun deputatın sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasını, eləcə də maraqlar toqquşmasına yol verməsini qadağan edir. “Azəri Med”in son benefisiar sahibinin kim olduğunu isə açıq məlumatlar əsasında tam müəyyənləşdirmək mümkün deyil.
Milli Onkologiya Mərkəzinin baş direktoru isə akademik, onkoloq-cərrah Cəmil Əliyevdir. Mərkəzin rəsmi məlumatına görə, Cəmil Əliyev 1990-cı ildən, yəni 36 ildir ki, bu vəzifədədir. Cəmil Əliyev Prezident İlham Əliyevin anası Zərifə Əliyevanın qardaşıdır.
Cəmil Əliyevin oğlu Əziz Əliyev də Milli Onkologiya Mərkəzində cərrah-onkoloq kimi fəaliyyət göstərir. 
Tarix: Bu gün, 18:00
Xəbəri paylaş



Xəbər lenti