Əgər sözün boynuna qalstuk taxılıbsa...

Azərbaycan parlamentinin tayı-bərabəri yoxdur. Milli Məclis indi elə bir tribunadır ki, burada danışanın başı ağrayır, susan isə spikerin gözünün işığıdır. 

Elə son hadisələri götürək - deputat Naqif Həmzəyev deyir ki, regionlarda problemlər, deyə bilmirik və media da işıqlandıranda susdurulur. 

Sonra həmkarı Aqil Abbas Ağdamdan ev istəyir, amma elə bir təpki ilə üzləşir ki, ertəsi gün dediyi sözün səhv olduğunu etiraf edir. 

Başqa bir deputat bildirir ki, xalq bizdən soruşur - problemləri dilə gətirə bilmirsinizsə, orda niyə oturmusunuz... Ardınca Səyyad Aran parlamenti "danışmaqxana" adlandırır və spiker buna etiraz edir.

Ümumiyyətlə, Milli Məclis artıq xalqın problemlərinin müzakirə edildiyi yer statusunu itirib. Bura ancaq mədh etmək məclisinə çevrilib. Hərçənd dünyanın hər yerində parlamentlərdə qızğın müzakirələr gedir. Amma bizim parlament "ağzına su alıb oturmaq" yeridir.

Milli Məclis elə bir mənzərə yaradır ki, adamın gözündə parlamentin divarları arasında sözün özü də ehtiyatla gəzir. Halbuki parlament xalqın səsini eşitmək üçün qurulmuş tribuna, hökumətə sual vermək, yanlışın üzərinə işıq salmaq, cəmiyyətin ağrısını kürsüyə daşımaq yeridir. Amma bu gün orada bəzən elə təəssürat yaranır ki, söz danışılmamışdan əvvəl ölçülür, cümlə qurulmamışdan əvvəl sahibindən icazə istəyir, fikir isə öz kölgəsindən qorxur.

Son günlər baş verənlər bu mənzərəni daha da qabarıq göstərdi. Deputat Səyyad Aran çıxış vaxtının qısaldılmasına etiraz edərək Milli Məclisi «danışmaqxana» adlandırdı.

Əlbəttə, parlamentdə qayda olmalıdır. Amma qayda sözün boğazına keçirilən ilgəyə çevriləndə, etika siyasi fikrin üstünü örtən pərdəyə çevriləndə, iclasın səliqəsi ilə düşüncənin azadlığı bir-birinə qurban veriləndə, o zalın mahiyyəti dəyişir. Parlament danışmaq üçün var, susmağı öyrətmək üçün yox.

Ona görə də Səyyad Aran səhv edib, Milli Məclis "danışmaqxana" yox, "susmaqxana"dır.

Daha acınacaqlısı odur ki, deputatın səlahiyyəti ilə deputatın adı arasında uçurum yaranır. Vətəndaş problemlə gəlir, deputat tribunaya çıxır, amma bəzən səsi var, təsir imkanları yoxdur; mandatı var, manevr meydanı yoxdur. Elə bil deputata xalqın dərdini daşımaq üçün çiyin verilib, amma o dərdin həllinə uzanmaq üçün əl verilməyib. Hətta deputat Naqif Həmzəyev də parlamentdə yerli problemlərin həllində deputat imkanlarının məhdudluğundan danışaraq «adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur» fikrini səsləndirib.
Parlament xalqın səsinin əks-sədası olmalıdır, səsin özünün də əks-səda axtardığı boş bir zal yox. Deputat danışanda onun sözünü yalnız mikrofon deyil, məntiq, arqument və ictimai maraq kəsməlidir. Əgər siyasi fikir hər dəfə sərt iradın, istehzanın, danlağın və prosedur divarlarının arasından keçməyə məcburdursa, orada müzakirə yox, itaət məşqi başlayır.

Xalqın səsini təmsil edən kürsü xalqın səsini eşitməmək üçün ucaldılmamalıdır. Parlamentin gücü kresloların sayında, mikrofonların işləməsində, reqlamentin dəqiqələrində deyil — orada deyilən sözün çəkisindədir. Sözün çəkisi yoxdursa, ən möhtəşəm zal belə dekorasiyadan ibarətdir; ən gurultulu iclas belə siyasi səssizliyin tamaşasıdır.

Parlament xalqın nəfəs aldığı yer olmalıdır. Əgər o nəfəs hər dəfə qayda, irad və qorxu arasında sıxılırsa, deməli, problem təkcə danışanın səsində deyil — sözə yer açmalı olan sistemin özündədir.

Azərbaycan Milli Məclisi bəzən parlamentdən çox, sözün boynuna qalstuk taxılıb, sonra da nəfəsinin ölçüldüyü bir səhnəni xatırladır. Deputat danışmaq istəyir, amma danışığın müddəti, tonu, ifadəsi, hətta etirazının sərhədi əvvəlcədən cızılmış çərçivəyə sığmalıdır. Çərçivədən kənara çıxan fikir isə dərhal reqlamentin, intizamın, etik davranışın qılıncı ilə qarşılanır.

Milli Məclisin ən böyük faciəsi bəlkə də onun divarlarının möhtəşəmliyində, iclaslarının təntənəsində deyil, öz mahiyyətindən uzaqlaşmasındadır. Deputat xalqın problemlərini qaldırır, amma o problemlərin həllinə təsir etmək imkanları məhdud qalır. Mandat cibdə, məsuliyyət çiyində, səlahiyyət isə başqa qapının arxasında. Bu, təmsilçiliyin qəribə paradoksudur: xalq deputata səsini verir, deputat isə bəzən həmin səsin qarşısında aciz qalır.
Parlament xalqın dərdini hökumətə çatdıran poçt qutusu deyil. O, qanunvericilik, nəzarət, sorğu, hesabat və siyasi məsuliyyət məkanı olmalıdır. Əgər deputat yalnız danışmaqla kifayətlənirsə, amma danışdığı məsələlərin taleyinə təsir edə bilmirsə, mandatın mənası da tədricən dekorativ xarakter alır. Parlament xalqın səsini əks etdirməli olduğu halda, xalqın səsi parlamentin qapısından içəri girəndə özünü yad hiss etməməlidir. Orada sual qorxusuz verilməli, tənqid təhqir sayılmamalı, fərqli fikir siyasi təhlükə kimi qəbul edilməməlidir.

Əgər bir deputatın sözünü kəsmək asandır, amma onun qaldırdığı problemi həll etmək çətindirsə, deməli, sistem sözə qarşı daha çevik, problemə qarşı isə daha ləngdir.

Parlamentin divarları xalqın səsini udmaq üçün deyil, o səsi hakimiyyətin eşidəcəyi qədər ucaltmaq üçün tikilib...

AXS.az

Tarix: Dünən, 11:00
Xəbəri paylaş



Xəbər lenti