
Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi yeni Konstitusiya layihəsinin mətni ilə bağlı mübahisələr artır. Bu dəfə mübahisələrə səbəb mətndə “erməni xalqı” ifadəsinin çıxarılıb, yerinə “Ermənistan Respublikasının xalqı” sözlərinin yer almasıdır. Həmçinin bu şəkildə başqa bəzi sadə ifadələrin də dəyişdirildiyi bildirilir.
Sözügedən dəyişiklik Ermənistan ictimaiyyətində birmənalı qarşılanmasa da, məncə, Qərbi azərbaycanlılar baxımından müsbət hadisədir. Məsələ ondadır ki, Qərbi azərbaycanlıların öz icması var və bu icma hələ də öz ata-baba yurdlarına qayıtmaq istəyir. Düzdür, bu məsələ Ermənistan-Azərbaycan danışıqlar prosesində hələlik prioritet müzakirə mövzusu deyil. Ümumiyyətlə, olub-olmayacağı da hələlik bəlli deyil. Lakin Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmaq istəyi hər kəsə bəllidir.
Ermənistan Konstitusiyasında “erməni xalqı” ifadəsinin çıxarılıb, onun yerinə “Ermənistan Respublikasının xalqı” sözlərinin yer alması qayıdış baxımından mühümdür. Xüsusilə 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından zorla və qanunsuz şəkildə çıxarılmasından sonra faktiki olaraq Ermənistan monoetnik ölkəyə çevrildi.
Paşinyan hökuməti Ermənistanın dövlətçilik və milli kimlik anlayışını konstitusion səviyyədə dəyişməyi təklif edir. Hazırkı Konstitusiyada preambula belə başlayır: “Biz, erməni xalqı…” Yəni dövlətin əsas qanununun qəbulunda erməni xalqı milli-siyasi subyekt kimi təqdim olunur.
Yeni layihədə isə bu ifadə “Biz, Ermənistan Respublikasının xalqı…” sözləri ilə əvəzlənir. Üstəlik, layihənin 1-ci maddəsində Ermənistan Respublikasının təsisçisinin Ermənistan Respublikasının xalqı olduğu göstərilir. 2-ci maddədə isə xalqın Ermənistan Respublikasının bütün vətəndaşlarının məcmusu olduğu müəyyən edilir. Ermənistanın ədliyyə naziri də bu dəyişikliyi izah edərkən bildirib ki, məqsəd bütün vətəndaşların özlərini dövlətin qurucusu hesab etməsidir.
Bəs bunun Qərbi azərbaycanlılar üçün mənası nədir?
Əgər layihə qəbul olunarsa, Qərbi azərbaycanlılar Ermənistana qayıdıb bu ölkənin vətəndaşları olduqları təqdirdə konstitusion baxımdan “Ermənistan Respublikasının xalqı” anlayışına daxil olacaqlar. Ən sadə formada, Paşinyan Ermənistan xalqı anlayışının etnik deyil, vətəndaşlıq prinsipi əsasında müəyyənləşdirilməsini təklif edir.
Reallıq ondan ibarətdir ki, Ermənistan rəhbərliyi faktiki olaraq ölkənin içərisində olduğu demoqrafik problemin fərqindədir. 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından qanunsuz çıxarılması Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Hansı ki, bu gün də İrəvan yerli etnik ermənilər hesabına bu fəsadları aradan qaldıra bilmir. Hətta Qarabağ ermənilərinin Ermənistana qayıdışı da bu problemin həllinə kömək olmadı. Hesab edirəm ki, bu addımla Paşinyan hakimiyyəti gələcəkdə Qərbi azərbaycanlıların qayıdışı üçün müəyyən konstitusion “nəfəslik” yaradır.