Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əməkhaqqı 1 sentyabr tarixindən artırılıb. Bəli, əsl müjdədir, gözəl xəbərdir. İslahat çərçivəsində illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Çox pakizə. Həkimlərin lap ürəyincədir. Bu məlumat yayılanda tibb işçiləri sevincindən yer-göyə sığmırdı. Artıq noyabrdı, verilən qərardan 3 aya yaxın vaxt ötür. Lakin hörmətli Mehriban Əliyevanın nəcib təşəbbüsü TƏBİB tərəfindən düzgün və ədalətli icra olunmur. Çünki əksər həkimlər maaşı artımla ala bilmirlər.
Ən əsası isə maaş artımının bütün həkimlərə şamil olunmaması sual və narazılıq doğurub. Xüsusən də ixtisaslı həkim
şöbələrinin əməkdaşları və digər şöbələr bu artımdan kənarda saxlanılıb. TƏBİB-in bu ürək ağrıdan addımını heç cür anlamaq mümkün deyil. Anlaşılan yeganə məsələ budur ki, Mehriban xanımın təşəbbüsü gözəl olsa da, TƏBİB öz bildiyini etməkdədir. Hazırda həkimlərin böyük hissəsinin məvacibi qalxmayıb və yenə də bonus mexanizmi qalmaqdadır. Yəni onlar öz ixtisaslı sahələrinə görə hər bonusda yenə də 70 qəpik, 1 manat məbləğində artımın ümidinə qalıblar. Bu mexanizm isə məlumdur ki, hər xəstə qəbuluna görə müəyyən ödəniş deməkdir. Ancaq konkret olaraq maaş artımı çoxuna şamil edilməyib. Və tam ədalətsiz olaraq bir növ həm də ayrı-seçkilik edilib.
Mehriban xanımın bu nəcib təşəbbüsü niyə TƏBİB tərəfindən gözdən salınır? Nə üçün ayrı-seçkilik edilir və bir növ bu addım sabotaj olunur? Hər bir yaxşı addımın ardınca mütləq insanları narazı salan hərəkətlərə yol verilməlidir? Axı Mehriban xanım təşəbbüs irəli sürəndə həkimlərin ixtisasları üzrə fərq qoymayıb, siz niyə qoyursunuz?
Məgər kardioloqların,nefroloqların,qastroentroloqların,,endokrinoloqların,nevroloqların və didigər həkimlərin zəhməti başqa ixtisas həkiminin əməyindən azdır? Məgər ürək , böyrək , şəkər xəstəlikləri ilə mübarizə aparan mütəxəssislərin məsuliyyəti, gecə növbələri, peşə riski və üzərlərinə götürdükləri yük daha azdır? Məgər bu islahatı aparanlar bilmirlər ki, dünyanın inkişaf etmiş ölkələrində ixtisas həkimlərinə daha yüksək məvacib ayrılır? Suallar çoxdur, cavabları istər TƏBİB versin istərsə də səhiyyə naziri Anar Bayramlı - həm Mehriban xanıma, həm də maaş artımı şamil olunmayan həkimlərə...
Bu səbəbdən redaksiyamıza məlumat verən tibb işçiləri I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Onlar bu məsələyə aydınlıq gətirilməsini xahiş ediblər və köməklik göstərilməsini istəyiblər.
Qeyd olunur ki, islahat 15 804 həkimi, 36 041 orta və 20 367 kiçik tibb heyəti işçisini əhatə edir. Ancaq ortada ürəkaçan bir nəticə yoxdur.
Yeni qaydalara əsasən, ailə və sahə həkimlərinin əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılıb. Artım 850 manat və ya 74 faiz təşkil edir.
Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşı 1550 manatdan 2500 manata, 3A və 3B kateqoriyalı təcili tibbi yardım şöbələrinin həkimlərinin əməkhaqqı isə 2100 manatdan 3000 manata qaldırılıb.
3A və 3B kateqoriyalı müəssisələrdə çalışan anestezioloq-reanimatoloqların əməkhaqqı 1450 manatdan 3000 manata çatdırılıb. Bu ixtisas üzrə maaş artımı 1550 manat və ya 107 faizdir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin maaşı 1550 manatdan 2200 manata, stansiya müdirlərinin əməkhaqqı isə 1750 manatdan 2700 manata yüksəldilib. Təcili tibbi yardım tibb bacılarının maaşı 1100 manatdan 1210 manata, “Ambucycle” feldşerlərinin əməkhaqqı isə 1100 manatdan 1810 manata çatdırılıb.
Bundan başqa, 20 367 kiçik tibb heyəti işçisinin əməkhaqqında orta hesabla 18 faiz artım tətbiq olunub.
Rəhbər tibb bacılarının maaş artımına dair nümunə də açıqlanıb. Belə ki, 3B kateqoriyalı müəssisənin baş tibb bacısının əməkhaqqı 1454 manatdan 2125 manata çatdırılıb. Bununla da maaş 671 manat və ya 46 faiz artırılıb.
Regionlarda uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqı 1450 manatdan 3000 manata, neonatoloqların maaşı 1450 manatdan 2400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılıb.
Mama-ginekoloq, neyrocərrah, uşaq cərrahı, ürək-damar cərrahı, çənə cərrahı və travmatoloqların əməkhaqqı 1450 manatdan 2150 manata qaldırılıb.
Amma bildirilir ki, əksəriyyət artımla maaş ala bilməyib. Eyni zamanda, maaşı artımı hamıya aid edilməyib. Səbəb nədir? Əgər təşəbbüs həkimlərin maaşını artırmaqla bağlıdırsa, burada sahələr üzrə niyə fərq qoyulmalıdır? Mehriban xanım deməyib ki, hansı həkimin maaşı artsın, hansının artmasın. Bu TƏBİB tərəfindən qoyulan fərqdir. Əfsuslar olsun ki, bu da narazılığa səbəb olub. Üstəlik də artan maaş əksəriyyətə verilməyib.
Tibb işçiləri bu səbəbdən Mehriban xanım Əliyevanın bu məsələyə diqqət ayıraraq yenidən nəzarətə götürməsini xahiş ediblər. Yəni 15 mindən çox həkim, ümumən 36 mindən çox tibb işçisini əhatə edən bu islahata baxmayaraq, ümumi narazılıq var.
Görünür ki, maaş artımını elan etmək bir məsələdir, onu həkimin cibinə çatdırmaq isə tamam başqa məsələ!
Sözün düzü, bu xəbər həkimlərin üzündə təbəssüm yaratmağa əsas verirdi. Çünki illərdir xəstəxanalarda gecəsini gündüzünə qatan, insanların sağlamlığı uğrunda çalışan həkimin əməyinin layiqincə qiymətləndirilməsi çoxdan gözlənilən məsələdir. Bu bir növ həkimlərin işləyərək təminatlarını ödəmək üçün xarici ölkələrə olan köçünün qarşısının alınması üçün bir ümid idi. Amma görünür, sevincin də öz inzibati prosedurları varmış...
Maaş artımı elan edildi, rəqəmlər səsləndirildi, milyonlar hesablandı. Lakin bəzi həkimlərin bildirdiyinə görə, vəd edilən artım onların əməkhaqqında hələ də öz əksini tapmayıb. Xüsusilə maaşları artmayan həkimlər arasında bu məsələ ciddi suallar doğurur.
Burada haqlı bir sual ortaya çıxır: Əgər maaş artımı həkimlərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyırsa, niyə onun tətbiqi ilə bağlı hamı eyni aydınlığa malik deyil?
Görəsən, maaş artımı ürəyə çatmamış damar tıxanıqlığı ilə üzləşib?
Təbii ki, burada Mehriban Əliyevanın təşəbbüsünün mahiyyəti ilə onun icrasına cavabdeh qurumların fəaliyyətini bir-birindən ayırmaq lazımdır. Təşəbbüsün məqsədi həkimlərin rifahını yaxşılaşdırmaqdırsa, bu məqsədin real nəticəyə çevrilməsinə də nəzarət olunmalıdır.
Axı həkimdən peşəkarlıq, məsuliyyət, səbir və vicdan tələb etmək asandır. Bəs onun əməyinin maddi qarşılığını vaxtında və şəffaf şəkildə təmin etmək niyə bu qədər mürəkkəb olmalıdır?
Səhiyyədə ürək döyüntüləri vacibdir. Amma həkimlərin haqqı məsələsində də sistemin nəbzi normal vurmalıdır.
Bir sözlə, maaş artımı xəbər başlığında qalmalı deyil, həkimlərin əməkhaqqında görünməlidir!