
“Elmira xanımın dünyasını dəyişməyi Azərbaycan mədəniyyəti, kinosu üçün böyük və olduqca ağır itkidir. Mən onu çox istəyirdim. Şərəfli, qürurlu, ləyaqətli insan idi. Mən deyərdim ki, Azərbaycan kinosu anasını itirdi. O kinolarda ən qayğıkeş ana rollarının yaradıcısı idi. Elmira xanım qəlbimdə daim yaşayacaq. O mənim, mən də onun xətrini dünyalar qədər istəyirdim. Ölümü məni sarsıtdı”.Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.O daha sonra əlavə edib:“2008-ci ildə Elmira xanımla birlikdə “Qocalar” filmində çəkilmişəm. Mənim həyat yoldaşım rolunu oynayırdı. O qədər sadə, mehriban insan idi ki.. Aktrisa kimi də çox istedadlı və peşəkar idi. Aristokrat qadın idi. Ümumiyyətlə yaxşı insan haqda adam çox söz deyə bilmir. Niyə? Pis insan haqda nəsə qondarıb demək olur. Özündən nəsə uydura bilirsən. Yaxşı insanı sözlərlə izah edə bilmirsən. Bütün incəsənət aləmi onun xətrini çox istəyirdi. Qürurlu olmağı onun gözəlliyi idi. Filmə çəkilmək istəyirdi, bunu mənə də demişdi. Amma son illərdə ümumiyyətlə mətbuatdan uzaq idi, heç kimlə görüşmək istəmirdi və filmə də çəkilmək arzusu artıq yox idi. Mütləq Bakıya qayıdanda onun məzarını ziyarət edib, ruhuna dualar oxuyacam”.Qeyd edək ki, Xalq artisti Elmira Şabanova dünən vəfat edib. Aktrisa bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.
Tarix: Bu gün, 11:36