Azərbaycanda 24 mart 2020-ci ildən tətbiq edilən xüsusi karantin rejimi Nazirlər Kabinetinin 17 sentyabr 2026-cı il tarixli qərarı ilə növbəti dəfə — 2027-ci il 2 yanvar saat 06:00-dək uzadıldı. Qərarda bu addımın "COVID-19 infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması" məqsədilə atıldığı bildirilir.
Biz elə əvvəldən beləyik: kolxoz yarananda daxil olmaq istəmirdik, kolxoz dağılanda isə çıxmaq istəmirik. ÜST "COVID bitdi- öldü " deyir, bizim hökumət isə "O sizin üçün ölüb , bizim üçün hələ də yaşayır" məntiqi ilə hərəkət edir.
Bu gün dünyanın hansı ölkəsində karantin qalıb? Biz özümüzü nədən və kimdən qoruyuruq? Nazirlər Kabineti ötən 7 ilə yaxın müddətdə ölkə iqtisadiyyatına, turizmə və xüsusilə sərhədyanı rayonların dolanışığına dəyən zərərin miqyasını heç hesablayıbmı?
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar. Amma torpaqlarımız işğal altında olanda, xaricdən yönəldilən terror təhlükələrinin baş qaldırdığı ən çətin illərdə belə quru sərhədlərimiz bağlamamışdı.
Absurdluq burasındadır ki, ölkəmizə təyyarə ilə gələn Türkiyə, Rusiya, İran və ya Gürcüstan vətəndaşları quru sərhəddən rahatlıqla ölkənizdən çıxıb gedə bilirlər. Amma Azərbaycan vətəndaşı quru sərhəddən nə ölkədən çıxa bilir, nə də doğma vətəninə qayıda bilir. Bəlkə , kimsə izah edə , Azərbaycan vətəndaşının öz ölkəsinə quru yolla gəlib-getməsi hansı təhlükəni yarada bilər?
Bu günlərdə azərbaycanlı xanımla ailə quran bir Türkiyə vətəndaşı ilə həmsöhbət oldum. Təəccüblə soruşur: "Anlaya bilmirəm, mən və uşaqlarım təyyarə ilə gəlib , cox rahatlıqla quru sərhəddən çıxıb gedə bilirik. Amma azərbaycanlı həyat yoldaşım öz vətəninə quru sərhəddən nə girə bilir, nə də bizimlə birlikdə cıxış edə bilir. "
Həqiqətən, niyə?