Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə

Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ -
Nəqliyyat sektorundakı fəaliyyəti zamanı reallaşmayan vədləri və böyük iddiaları ilə yadda qalan Elnur Abdullayevin adı uzun illərdir mətbuatın əsas qalmaqal mövzularından biridir. 
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun idarəçiliyi dönəmində sürətlə yüksələn E.Abdullayev, ilk olaraq "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin baş direktoru, daha sonra isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifələrinə gətirildi. Onun NİİM-ə rəhbərlik etdiyi dövrdə paytaxt nəqliyyatında sıxlığın aradan qaldırılacağı, sərnişindaşımada keyfiyyətin kəskin artırılacağı və tıxacların qarşısının alınacağı barədə verdiyi iddialı vədlər reallıqda öz əksini tapmadı. Yollarda qeyri-qanuni parklanma və xaos davam etdiyi halda, idarəçiliyin zəifliyi mətbuatda kəskin tənqid olunurdu.
Bir vaxtlar yayılan məlumata görə, Nəqliyyat Nazirliyi ləğv edildikdən və yoxlamalar başladıqdan sonra holdinq rəhbərinin sistemdən kənarlaşdırılması isə qaçılmaz oldu.
Büdcə yeyintiləri, "Bentley" və klan savaşı iddiaları

Elnur Abdullayevin adı vəzifədə olduğu müddətdə yalnız idarəçilik uğursuzluqları ilə deyil, həm də dəbdəbəli həyat tərzi və siyasi iddialarla gündəmə gəldi. Mətbuatda onun ölkəyə yarım milyon dollar dəyərində olan "Bentley" markalı lüks avtomobillər sifariş etməsi və ölkənin ən varlı şəxslərindən birinə çevrilməsi barədə məlumatlar tirajlandı. Eyni zamanda, onun keçmiş nazirin oğlu Anar Məmmədovun yaxın çevrəsində yer alaraq paytaxtdakı taksi şirkətlərini və maliyyə axınlarını idarə etdiyi bildirilirdi. Vəzifədən uzaqlaşdırıldıqdan sonra isə E.Abdullayevin hakimiyyətdaxili qruplara qarşı media vasitəsi ilə hücumlar təşkil etdiyi, hətta müxtəlif siyasi klan savaşlarının mərkəzində dayanmağa cəhd göstərdiyi iddia olundu (Tendensiya.com).
Mətbuatda gedən iddialara görə, Elnur Abdullayevin neft maqnatı Anar Əlizadənin nəzarətindəki "Global Media Group" holdinqinə "transfer" olunması və onun rəhbərliyi altında iş adamı Mübariz Mənsimova qarşı aparılan media və kompromat müharibəsini idarə etməsi xüsusilə 2020–2022-ci illərdə geniş şəkildə işıqlandırılmışdır. Bu proseslərin davamı olaraq, 2022-ci ilin may və iyun aylarında yerli mətbuatda Anar Əlizadə tərəfindən Elnur Abdullayevə Mübariz Mənsimovla aparılan informasiya savaşındakı xidmətlərinə və loyallığına görə 400 min dollar dəyərində "Ulysse Nardin" markalı eksklüziv saatın hədiyyə edibmiş.
**
Mətbuatda yayılan iddialara görə, Elnur Abdullayev ilə keçmiş SOCAR rəsmisi və iş adamı Adnan Əhmədzadə arasında yaxın dostluq və şəbəkə əlaqələri mövcud olmuşdur. Medianın iddialarında belə güman edilir ki, Elnur Abdullayev məhz Adnan Əhmədzadənin media sahəsinə ayırdığı irihəcmli vəsaitlərin mənimsənilməsində və onun maliyyə axınları hesabına bir sıra yerli saytların satın alınmasında aktiv iştirak edib. Bu "alış-veriş" və tərəfdaşlıq sayəsində Elnur Abdullayevin pərdəarxası "media patronuna" çevrildiyi və holdinq rəhbərliyinə qədər yüksəldiyi iddia olunur. Lakin Adnan Əhmədzadənin dövlət vəsaitlərini mənimsəmə ittihamı ilə həbsindən sonra Elnur Abdullayevin rəhbərlik etdiyi media holdinqin onunla rəqəmsal və sosial media əlaqələrini sürətlə kəsdiyi bildirilir
Kölgəli transfer və Türkiyədəki milyonluq media sərmayəsi
Nəqliyyat sistemindən kənarlaşdırıldıqdan sonra Elnur Abdullayevin adı bu dəfə Türkiyədə qurulan "Global Media" holdinqi və "Haber Global" telekanalı ilə hallanmağa başladı. Bir vaxtlar Ziya Məmmədovun "kadrı" kimi tanınan şəxsin qəfildən yüz milyonlarla dollar tələb edən media layihəsinin başına keçməsi böyük suallar doğurdu (Yeni Müsavat). Müstəqil və xarici mətbuatın, o cümlədən Türkiyənin "soL Haber" portalının iddialarına görə, bu qəfil keçidin arxasında vaxtilə Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR qrupunun gizli dəstəyi dururdu. Mətbuatda onun "SOCAR-ın acenti" kimi çıxış etdiyi və Türkiyədəki kanalın məhz dövlət neft şirkətindən sızdırılan vəsaitlərlə maliyyələşdirildiyi vurğulandı. Paralel olaraq, onun Azərbaycandakı bir çox xəbər saytlarının nəzarət paketini ələ keçirərək media mühitini öz maraqları naminə manipulyasiya etdiyi iddiaları da dosyesində yer alır.
Qeyd: Yazıda yer alan bütün məlumatlar müxtəlif dövrlərdə media subyektlərində dərc edilmiş xəbər və iddialara istinadən tərtib olunub.
32gun.az
Tarix: Dünən, 12:45
Xəbəri paylaş



Xəbər lenti