Dələduzluq dosyelərini vərəqlədiqcə, oxuduqca bu cinayətlərdə qurban olan insanların durumuna acımamaq olmur. Dələduzluq hadisələri sərhəd tanımır, həm beynəlxalq ekstradisiya, həm məhkəmə hökmləri, həm də genişmiqyaslı aldadılma sxemlərini əhatə edir.
69 min aldı, Türkiyəyə qaçdı
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Sevinc Hüseynovanın Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi diqqət çəkən hadisələrdən biridir. İttihama görə, o, vətəndaşları işə düzəltmək və vəzifəyə təyin etdirmək vədi ilə aldadaraq ümumilikdə 69 min manat mənimsəyib. Hüquq-mühafizə orqanları onun ölkəyə gətirilməsini beynəlxalq əməkdaşlığın nəticəsi kimi qiymətləndirir.
200 min də belə getdi
Bakı Ağır Cinayətlər Məhkəməsində isə Cəbrayıl Qəmbərovun işi yekunlaşıb. O, müəllim vəzifəsinə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq 200 min manatdan çox vəsait mənimsəməkdə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
400 mini belə ələ keçirdi
Oxşar cinayət işi üzrə Vüqar Əsədov da məhkəmə hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum olunub. İttihamlara görə, o, “quşçuluq biznesi” və yüksək gəlir vədi ilə 400 min manatdan çox vəsait ələ keçirib, həmçinin işə düzəltmə və digər vədlərlə əlavə dələduzluqlar həyata keçirib.
Ekspertin 400 minlik “eksperimenti”
Digər bir işdə Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun adı keçir. O, ucuz mənzil satışı və dövlət qurumları vasitəsilə iş vədləri verərək 400 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunur. İş üzrə məhkəmə prosesi davam edir.
1 gündə 12 dələduz ələ keçdi
Eyni zamanda aprelin 30-da polis tərəfindən keçirilən əməliyyat nəticəsində dələduzluqla bağlı axtarışda olan 12 nəfərin saxlanılması da açıqlanıb.
Bu hadisələr göstərir ki, Azərbaycanda dələduzluq əsasən üç istiqamət üzrə geniş yayılıb: işə düzəltmə, investisiya və gəlir vədləri, eləcə də mənzil və sosial layihələrlə bağlı aldatmalar. Hüquq-mühafizə orqanları bu sahədə əməliyyatları davam etdirir, məhkəmələr isə ardıcıl olaraq hökmlər çıxarır.
Digər tərəfdən, bu işləri törədənlərin bir çoxu təsadüfi adamlar deyil. Bəziləri vaxtilə hansısa qurumda işləyib, bəziləri isə sadəcə özünü “içəridən adam” kimi təqdim edib. İnsanlar da inanır. Çünki düşünür ki, dövlətə yaxın olan adam yalan danışmaz. Amma məhz bu “etibar” ən böyük silaha çevrilir. Ən təhlükəli məqam isə “asan qazanc” illüziyasıdır. Bir adam deyirsə ki, “pul qoy, hər ay 10 faiz gəlir götür”, bu, iqtisadi baxımdan mümkün deyil. Amma yenə də inanan tapılır. Niyə? Çünki hamı tez qazanmaq istəyir. Dələduz isə əvvəl az miqdarda pul qaytarıb etibar yaradır, sonra böyük məbləği götürüb yoxa çıxır. Başqa bir reallıq da var: insanlar rəsmi mexanizmlərə tam güvənmir. “Dövlət yolu ilə alınmırsa, başqa yolla həll edim” düşüncəsi hələ də yaşayır. Bu isə vətəndaşı qanunsuz və riskli yollara sürükləyir. Amma burada çox vacib və az danışılan başqa bir məsələ də var – məhkəmələrin bu işlərə yanaşması. Bəli, dələduzlar tutulur, məhkəmə qarşısına çıxarılır. Amma çox vaxt cəmiyyət belə bir mənzərə görür. Ziyanın bir hissəsi qaytarılır və bu, yüngülləşdirici hal kimi qəbul olunur.
Təqsirləndirilən şəxs “ilk dəfə cinayət törədib” arqumenti ilə daha yüngül cəza alır və ya minimum həddə yaxın hökmlər çıxarılır. Bu isə yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Pulun bir hissəsini qaytarmaqla, müxtəlif bəhanələrlə, prosesləri uzatmaqla. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür. Ortada bir psixoloji məqam da var: “bəlkə mənim işim alındı” ümidi. Hamı bilir ki, dələduzluğa görə həbs olunanlar var. Amma eyni zamanda hər kəs düşünür ki, bəlkə bu dəfə alınacaq. Məhz bu düşüncə yeni qurbanlar yaradır. Nəticədə dələduzluq adi xəbərə çevrilir. Artıq cəmiyyət şok olmur, sadəcə oxuyub keçir. Bu isə ən təhlükəli mərhələdir. Çünki problem dərinləşir.
Nə etməli? Vəziyyətdən çıxış yolu nədir?
Vəkil Asim Abbasov Musavat.com-a deyib ki, bu gün dələduzluğun belə geniş yayılması təsadüfi deyil:
“Bu, həm insanların düşüncə tərzi, həm də cəmiyyətdə formalaşmış bəzi yanlış inancların nəticəsidir. Ən birinci səbəb - insanlar hələ də tanışlıqla iş tapmaq olar fikrinə inanır. Kimsə gəlib deyəndə ki, filan yerdə adamım var, səni işə düzəldərəm, çoxları bunu nağıl kimi yox, real imkan kimi qəbul edir. Çünki illərlə belə söhbətlər eşidilib. Dələduz da məhz bundan istifadə edir. Azərbaycan insanı vəzifəli və ya vəzifəyə yaxın görünən adamlara daha tez inanır. Düşünür ki, bu adam dövlət qurumunda işləyib, yalan danışmaz. Halbuki, çox vaxt məhz bu “etibar” aləti kimi istifadə olunur”.
Vəkil bildirib ki, Azərbaycanda asan qazanc istəyi ilə yaşayanlar çoxluq təşkil edir:
“Kimsə deyir ki, pul qoy, hər ay 10 faiz gəlir götür. Normalda bu mümkün deyil. Amma insanlar riskə gedir, çünki tez qazanmaq istəyir. Dələduz da əvvəl bir az pul qaytarır ki, etibar yaransın, sonra böyük məbləği götürüb yoxa çıxır. Problem həm də dövlət qurumlarına etimadın zəifliyindədir. İnsanlar rəsmi yolların işlədiyinə tam inanmır. Düşünür ki, dövlət yolu ilə alınmırsa, başqa yol tapım. Bu isə onları qeyri-rəsmi və təhlükəli yollara aparır və nəticədə maliyyə itkisi meydana çıxır”.
Vəkilin sözlərinə əsasən, dələduzluq işlərində cəzanın əmələ nisbətdə, dələduzluqla əldə olunan məbləğə nisbətdə zəif hiss olması bu cinayətə meyillənmənin əsas səbəblərindən biridir:
“Hamı bilir ki, tutulanlar var, amma eyni zamanda belə fikir də var ki, bəlkə mənim işim alınar, ilişmərəm. Və ya tutulsam, dələduzluqla əldə etdiyimdən bir hissəsini qaytararam, yenə də azadlıqda qalaram. Bu düşüncə dələduzluğun yayılmasını şərtləndirir. Nəticədə dələduzluq artıq tək-tək hadisə deyil, adi hala çevrilir. Hər gün oxşar xəbərlər çıxır və insanlar buna alışır. Bu isə ən təhlükəli mərhələdir. Yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür”.
Vəkil vətəndaşların dələduzluq qurbanı olmaqdan özlərini sığortalaya biləcəklərini deyib:
“Reallıq isə çox sadədir. Pul müqabilində dövlət işinə düzəlmə çox vaxt tələdəki pendir misalıdır. Heç kim qısa müddətdə böyük və stabil qazanc vəd edə bilməz. Heç bir “tanışlıq” qanundan üstün deyil. Amma bu reallıqlarla yanaşı başqa bir həqiqət də var. Əgər həm cəmiyyət riskli düşüncədən imtina etməsə, həm də hüquqi sistemdə cəzanın qaçılmazlığı və sərtliyi real hiss olunmasa, dələduzluq azalmayacaq. Bu gün problem təkcə dələduzlarda deyil. Problem həm də onları yaradan mühitdə, onlara inanan düşüncədə və bəzən də onları kifayət qədər sərt cəzalandırmayan sistemdədir”.
Musavat.com