Radikalizm heç vaxt birdən yaranmır. O, əvvəl sözlə başlayır, sonra düşüncəyə çevrilir, daha sonra isə davranışa keçir. Tarix sübut edib ki, terror təşkilatlarının ən güclü silahı silah deyil – ideologiyadır. Bir ideologiya cəmiyyətə daxil olduqda, onu dayandırmaq çətinləşir. Buna görə radikallaşmanın ideoloji mərhələsi ən təhlükəli mərhələ sayılır.
Bu gün dünyada radikal dini qrupların yenidən fəallaşması fonunda təhlükəsizlik məsələləri daha kəskin müzakirə olunur. Bu səbəbdən radikal düşüncənin yayılması ilə bağlı hər bir fakt və iddia hüquqi müstəvidə araşdırılmalıdır.
Azərbaycanda bu kontekstdə adı ən çox hallanan şəxslərdən biri Əlixan Musayevdir. Onun fəaliyyəti ilə bağlı səslənən ittihamlar artıq sadəcə dini polemika deyil, dövlət təhlükəsizliyi, maliyyə nəzarəti və cinayət hüququ məsələsinə çevrilib. Bu ittihamların ağırlığı isə məsələni birbaşa istintaq predmetinə çevirir.
Təkfirçi ideologiya və radikal çağırışlar
Əlixan Musayevin çıxışlarında müsəlmanları asanlıqla “kafir” və “müşrik” elan edən yanaşmanı müdafiə etdiyi görünür. Bu yanaşma cəmiyyətdə dini parçalanma yarada biləcək təhlükəli ideoloji xəttdir. Dini dözümsüzlük və məzhəbi qarşıdurma yaradan ritorika isə artıq dini polemika deyil, radikalizmə aparan yolun başlanğıcı hesab olunur.
Onun bəzi moizələrində müxtəlif dini qruplara qarşı sərt və ittihamedici ifadələrin işlədilir. Bu isə cəmiyyət daxilində gərginlik yaratmaqla yanaşı, dövlətin dini sabitlik siyasətinə zidd fəaliyyət kimi dəyərləndirilə bilər.
Suriyaya çağırışlar və azərbaycanlıların taleyi ilə bağlı məsuliyyət iddiaları
Ən ağır ittihamlardan biri Suriyada vətəndaş müharibəsi dövründə verilən dini çağırışlarla bağlıdır. İddialara görə, bu çağırışlar nəticəsində yüzlərlə azərbaycanlı xarici münaqişə zonasına yollanıb. Bu proses nəticəsində həyatını itirən və ya geri qayıda bilməyən şəxslərin taleyi hələ də cəmiyyət üçün ağrılı mövzudur. Bu barədə onun “Cihad” fətvası da sosial mediada dolaşmaqdadır:
Maraqlıdır ki, onun toruna düşüb Suriyaya gedənlər ya ölkəyə qayəda bilmir, ya da gəldikdən sonra cəza çəkirlər. Onlara xeyir-dua verən Əlixan Musayev isə yenə kafe-restoran gəzib, radikalizmi təbliğ edib, gənclərimizi İŞİD bataqlığına gömməkdə davam edir.Bu, sadəcə ideoloji məsələ deyil, insan həyatına və milli təhlükəsizliyə birbaşa təsir edən məsələdir.
10 milyon dollar, brilyant daş-qaş və beynəlxalq axtarışda olan şəxslərlə əlaqə iddiaları
Ən ciddi ittiham maliyyə əlaqələri ilə bağlıdır. İddialara görə, Əlixan Musayev uzun müddət “İslam İrsinin Dirçəlişi Cəmiyyəti” adlı təşkilatın Azərbaycan nümayəndəsi olub. Bu təşkilat radikalizm və terrorla əlaqəli fəaliyyət iddiaları səbəbilə Azərbaycanda 2003-cü ildə bağlanıb, daha sonra isə 2022-ci ildə Küveytdə də fəaliyyəti qadağan edilib.
Məlumatlara görə, Musayev bu təşkilat vasitəsilə 10 milyon dollardan artıq maliyyə vəsaiti əldə edib. Bu vəsaitlərin ölkəyə necə gətirildiyi, hansı kanallar vasitəsilə daxil olduğu və hansı məqsədlərə sərf edildiyi barədə ciddi suallar mövcuddur.
Xüsusilə iddia olunur ki, bu maliyyə vəsaitlərinin bir hissəsi pul formasında deyil, brilyant və qiymətli daş-qaş şəklində ölkəyə gətirilib. Bu əməliyyatların Dubay vasitəsilə həyata keçirildiyi və daş-qaşın pulun gizli şəkildə ölkəyə daxil edilməsi üçün istifadə olunduğu bildirilir.
Daha ağır iddia isə ondan ibarətdir ki, Əlixan Musayev maliyyə vəsaitlərini Əbu Casim əş-Şəmməri və Əbu İbrahim adlı şəxslərdən alıb. Bildirilir ki, həmin şəxslərin hər ikisi də “İslam İrsinin Dirçəlişi Cəmiyyəti”nin əməkdaşları olub və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Əgər bu məlumatlar təsdiqini taparsa, bu artıq təkcə maliyyə pozuntusu deyil, beynəlxalq cinayət şəbəkəsi ilə əlaqə və qanunsuz maliyyə dövriyyəsi məsələsi deməkdir.
Dövlətçilik və ideoloji təhlükə məsələsi
Radikal dini ritorika vasitəsilə geniş dini kütlə formalaşdırmaq cəhdləri müşahidə olunub. Bu fəaliyyətin məqsədinin dini müxalifətçilik adı altında dövlət və rəhbərlik əleyhinə ideoloji baza yaratmaq olduğu iddia edilir.
Belə hallarda məsələ artıq dini fikir mübahisəsi deyil, dövlət təhlükəsizliyi və ictimai sabitlik məsələsinə çevrilir. Çünki radikal ideologiya üzərindən formalaşan təşkilatlanmış kütlə zamanla sosial və siyasi riskə çevrilə bilər.
Bu ittihamlar sadə iddialar deyil. Söhbət radikal ideologiya, xarici maliyyə, beynəlxalq axtarışda olan şəxslərlə əlaqə və dövlət təhlükəsizliyi riskindən gedir. Belə hallarda susmaq riskləri artırır.
Əgər milyonlarla dollar ölkəyə daxil olubsa, bu pulların mənbəyi araşdırılmalıdır. Əgər beynəlxalq axtarışda olan şəxslərlə əlaqə olubsa, bu fakt hüquqi qiymət almalıdır. Əgər radikal ideologiya yayılıbsa, bu fəaliyyət qanun qarşısında cavab verməlidir.
Eyni zamanda ölkədən növbəti dəfə qaçma təhlükəsi olduğundan Əlixan Musayevin ölkədən giriş-çıxışı da suallar yaradır. Çünki Türkiyədə olarkən iki dəfə Böyük Britaniyadan viza tələb edən Musayevin yenidən təhlükə hiss edərsə anoloji addımı atması mümkündür.
Qısacası, Əlixan Musayevlə bağlə iddialar da, bu iddiaları dəstəkləyən öz səs yazıları da ortadadır. Jurnalist araşdırması da bir yerə qədərdir. Gerisinin necə oıacağını isə zaman göstərəcək.
İsmayıl Yusifoğlu - yenicag.az